46 yaşlı braziliyalı futbolçu Ronaldinyo peşəkar karyerasına qayıtmaq qərarına gəlib və İtaliyanın üçüncü liqa komandası Ravenna FC ilə müqavilə imzalayıb.

Futbolçu son peşəkar oyununu 27 sentyabr 2015-ci ildə Fluminense forması ilə Göyaz qarşısında keçirmişdi və 2018-ci ildə karyerasını bitirdiyini açıqlamışdı. İndi isə 11 il sonra yenidən yaşıl meydanlara dönməyə hazırlaşır.

Karserası ərzində PSJ, Barselona və Milan kimi Avropanın tanınmış klublarında çıxış etmiş Ronaldinyo 2002-ci ildə Braziliya millisinin üzvü olaraq dünya çempionluğu əldə edib. O, 2005-ci ildə Qızıl Top (Ballon d'Or) mükafatına layiq görülüb.

Ravenna FC ilə bağlanan anlaşmaya görə, Ronaldinyo həm komandanın oyunçusu olacaq, həm də klubun pay sahiblərindən biridir. Klub tərəfindən bildirilib ki, onun oyun üçün lisenziyasının yaxın zamanda rəsmiləşdirilməsi gözlənilir və o, Serie C-də forma geyinə biləcək.

Komandanın təqdimatı Marina di Ravenna çimərliyində keçirilib və tədbirdə minlərlə azarkeş iştirak edib. Ronaldinyo burada çıxış edərək, klubdakı dostluq əlaqələrinə görə bu addımı atdığını və komandanın uğuruna töhfə vermək istədiyini vurğulayıb.

Peşəkar klub və milli komanda hesabında ümumilikdə 299 qol vuran futbolçu karyerasında 300-cü qolunu vurmaq istədiyini də bildirib və bunun reallaşmasının klub rəhbərliyindən və baş məşqçidən asılı olduğunu qeyd edib.