Azərbaycan Beynəlxalq Bankı (ABB) paytaxtın daşınmaz əmlak bazarına dair yeni araşdırma-hesabat təqdim edib. Sənəddə 2026-cı ilin ilk yarısında müşahidə olunan əsas tendensiyalar təhlil olunur.

Hesabata görə, ilin ilk iki rübündə mənzil bazarında qiymətlər artmağa davam edib, lakin əvvəlki dövrlərlə müqayisədə qiymət artımının sürəti zəifləyib. Bu, alıcıların hələ də bazarda aktiv olmasına baxmayaraq, seçim və qiymət məsələlərində daha diqqətli olduqlarını göstərir.

Torpaq seqmentində qiymətlərin daha yüksək templə artdığı bildirilib. Xüsusən inkişaf potensialı yüksək və təklif baxımından məhdud olan ərazilərdə torpaq sahələrinə tələbin artması qiymətləri güclü şəkildə təsir edib. Eyni zamanda fərdi yaşayış evlərinə olan maraq və bu tip obyektlərin qiymətlərində yüksəliş də davam edib; burada mövsümi amillərin təsiri qeyd olunub.

Qeyri-yaşayış sahələrinin qiymətlərində artım qeydə alınsa da, bu seqmentdə dinamika daha dəyişkən olub. Obyektin yerləşmə yeri, funksional təyinatı və gəlir gətirmə potensialı qiymət formalaşmasında əsas rol oynayan faktorlardan sayılıb.

Hesabatda həmçinin vurğulanır ki, mənzil bazarında qiymət artımı tədricən daha geniş ərazilərə yayılır və alıcılar daha əlçatan lokasiyalara üstünlük verməyə başlayıblar.

Belə araşdırma-hesabatların hazırlanmasının xarici banklarda geniş tətbiq olunduğu, Azərbaycanda isə bu praktikaların ABB tərəfindən tətbiq edildiyi qeyd edilir. Bankın müxtəlif sahələr üzrə mütəmadi yayılan araşdırma materialları maraqlı tərəflər üçün faydalı mənbə hesab edilir.

Bankın təqdim etdiyi sənədlər bazar iştirakçıları və qərarqəbuletmə prosesində maraqlı olanlar üçün mütərəqqi məlumat mənbəyi kimi təqdim olunur.