“Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubirin yeni klubu müəyyənləşib. O, karyerasını Qətərin Ulduzlar Liqasında mübarizə aparan “Əl-Şahaniya” klubunda davam etdirəcək.
Transfer prosedurlarını tamamlamaq məqsədilə Zubir avqustun 15-də Bakını tərk edərək Qətərə yola düşüb. Futbolçu tibbi müayinədən keçdikdən sonra keçidin rəsmiləşdiriləcəyi bildirilib.
Məlumata görə, 34 yaşlı yarımmüdafiəçi ilə iki illik rəsmi müqavilə imzalanacaq və onun yeni klubunda illik qazancı 1.5 milyon avro olacaq.
Futbolçu sosial şəbəkədə klubdan və azarkeşlərdən ayrıldığını bildirib, baş məşqçi Qurban Qurbanova və komandaya göstərilən dəstəyə görə təşəkkürlərini çatdırıb.
Abdullah Zubirin “Qarabağ”la müqaviləsi əslində 2027-ci ilin yayına kimi qüvvədə idi. Lakin o, müqavilə müddəti bitməmiş komandadan ayrılmaq istədiyini rəhbərliyə bildirmiş, klub bu istəyə hörmətlə yanaşaraq tərəflər arasında qarşılıqlı razılıqla müqaviləyə xitam verilməsi barədə razılığa gəlib.
Müqavilənin vaxtından əvvəl dayandırılması nəticəsində “Qarabağ”ın bu keçiddən müəyyən transfer kompensasiyası əldə edəcəyi qeyd edilir.
Zubir 2018-ci ilin yayından etibarən “Qarabağ”ın formasını geyinirdi və klub tarixində ən uğurlu əcnəbi futbolçulardan biri hesab olunur. Onun Ağdam klubundakı göstəriciləri belədir: 369 matç, 79 qol və 96 məhsuldar ötürmə.
Fransalı oyunçu altı dəfə Azərbaycan çempionu olub və iki dəfə Azərbaycan Kubokunu qazanıb. O, həmçinin Azərbaycan klublarının heyətində avrokubok mərhələlərində ən çox qol vuran əcnəbi oyunçu statusuna malikdir.