Bakı şəhərinin Baş Planı 30 dekabr 2023-cü il tarixində Nazirlər Kabinetinin 504 nömrəli qərarı ilə təsdiq olunub.

Sənəddə yaşayış fondunun yenilənməsi, qəzalı binaların sökülməsi, ərazilərin regenerasiyası və infrastrukturun təkmilləşdirilməsi istiqamətində tədbirlər nəzərdə tutulur. Plan paytaxtın demək olar ki, bütün rayonlarını əhatə edir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, sökülən obyektlərin yerində yeni yaşayış kompleksləri tikilməli olduğu halda investorlardan istifadə olunmalı və ya layihələr dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilməlidir. Onun sözlərinə görə, konkret ərazidə işlərin başlanma vaxtı investordan gələn maraqla, dövlət büdcəsi imkanları və həmin zonada planlaşdırılan abadlıq işləri ilə müəyyən olunacaq.

Hazırlıq mərhələsində ilkin söküntü işlərinin Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən ticarət və tikinti materialları bazarlarının ərazilərində aparılması planlaşdırılır. Həmçinin Mərkəzi Parkın genişləndirilməsi, İçərişəhər metrosu ətrafı və Təzəpir məscidinin yaxınlığında yenidənqurma işləri nəzərdə tutulur. Bayıl qəsəbəsi də söküntü və bərpa işlərində ön sırada olacaqdır.

Binəqədi rayonunda Birinci, İkinci və Üçüncü mədən massivləri ilə yanaşı Biləcəri qəsəbəsi, xüsusən Asəf Zeynallı küçəsi istiqamətində abadlıq və söküntü işləri aparılacağı vurğulanıb. Ümumilikdə ən çox bina söküntüsü məhz Binəqədi rayonunda həyata keçiriləcək.

Yasamal və Nəsimi rayonlarında sıx yerləşmiş, köhnəlmiş iki mərtəbəli binalar da yenilənmə planına daxil edilib. Bundan əlavə, Nizami, Xətai, Sabunçu, Suraxanı və Pirallahı rayonlarının müxtəlif hissələrində söküntü işləri gözlənilir. Eyni zamanda Sumqayıtda da daha genişmiqyaslı söküntü layihələrinin həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilir.