Abdullah Zubir "Qarabağ" futbol klubunu tərk edib.

Klubun mətbuat xidməti ayrılıq barədə rəsmi açıqlama yayıb.

2018-ci ilin yayında komandanın sıralarına qoşulan fransalı yarımmüdafiəçinin şəxsi istəyi və ötən illər ərzində klub üçün göstərdiyi xidməti nəzərə alınaraq tərəflər arasında müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.

Zubir "Qarabağ" forması ilə ümumilikdə 368 matçda çıxış edərək 78 qol vurub. O, komandanın heyətində altı dəfə ölkə çempionluğu, iki dəfə isə Azərbaycan kubokunu qazanıb.

Bundan əlavə, futbolçu bir dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində, dörd dəfə UEFA Avropa Liqasının əsas mərhələsində və bir dəfə UEFA Konfrans Liqasının əsas mərhələsində iştirak edib.

O, həmçinin UEFA Çempionlar Liqasının və UEFA Konfrans Liqasının 1/8 finalına vəsiqə uğrunda pley-off mərhələlərinin, eləcə də UEFA Avropa Liqasının 1/8 final mərhələsinin iştirakçısı olub.