Abşeron rayonunda ər və arvad arasında yaşanan mübahisə cinayətə gətirib çıxarıb.
Hadisə Qobustan qəsəbəsi, C.Cabbarlı küçəsində qeydə alınıb. Qazax rayon sakini, 1987-ci il təvəllüdlü Cəmil yaşadığı mənzildə həyat yoldaşı Zamirə ilə mübahisə edib. Münaqişənin səbəbi Cəmilin başqa qadınlarla əlaqəsi barədə iddialar olub.
Zamirə ərinin digər qadınlarla münasibətdə olduğunu düşündüyü üçün ona etiraz edib və bu, onların arasında mübahisəyə yol açıb. Təfərrüatlara görə, mübahisə zamanı Cəmil əsəbiləşərək Zamirəyə fiziki təsir edib, onun üzünə və bədəninin müxtəlif nahiyələrinə əl və yumruq zərbələri vurub.
Cəmilə Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa zərər vurma) üzrə ittiham verilib. Ərizə əsasında izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittihamı qəbul edib və ifadəsində rəsmi məşğuliyyəti olmadığını bildirib.
O, səkkiz cümləlik ifadəsində 2023-cü ildə Zamirə ilə evləndiyini, birgə nikahdan iki azyaşlı övladlarının olduğunu və əvvəllər münasibətlərinin normal olduğunu qeyd edib. Cəmil bildirib ki, son dövrlərdə aralarında yaranan gərginliyin səbəbi Zamirənin onun başqa qadınlarla münasibətdə olduğunu iddia etməsi olub.
Hadisə gününə dair izahatında o, gecə saat 23 radələrində evdə olarkən yenidən mübahisə etdiklərini, əsəbləşərək Zamirənin sifətinə, qoluna, belinə və digər nahiyələrinə bir neçə yumruq zərbəsi vurduğunu bildirib. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, vurulmuş zərəri ödədiyini və tərəflər arasında barışıq əldə edildiyini söyləyib.
Abşeron Rayon Məhkəməsi hökm çıxararaq Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslə bağlı cinayət təqibini xitam verib və onu cinayət məsuliyyətindən azad edib.