Mədəniyyət Nazirliyinin Aparatında yeni rəhbər vəzifəsinə təyinat həyata keçirilib.

Nazirin müvafiq əmri ilə Hikmət Mövlud oğlu Mustafayev Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin edilib.

Hikmət Mustafayev 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) fərqlənmə diplomu ilə bitirib, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisasını tamamlayıb.

1994–1995-ci illərdə o, Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçib. 1997-ci ildən başlayaraq dövlət qulluğunda çalışmış, Dövlət Əmlak Komitəsi, İqtisadi İnkişaf Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə fəaliyyət göstərib.

H.Mustafayev həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkətində Aparat rəhbəri kimi beynəlxalq tədbirin təşkilati və inzibati işlərində fəal iştirak edib. Təyinatdan əvvəl o, Heydər Əliyev Mərkəzində direktorun müşaviri kimi işləyib və strateji planlaşdırma, institusional koordinasiya və təşkilati idarəetmə sahələrində təcrübəyə malik mütəxəssis kimi tanınırdı.

Dövlət qulluğunda uzunmüddətli səmərəli xidmətinə görə o, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2019-cu il tarixli Sərəncamı əsasında "Tərəqqi" medalı ilə təltif olunub.

Hikmət Mustafayev eyni zamanda dövlət qulluğunun baş müşaviridir.