“Azərbaycan Dəmir Yolları” QSC Azərbaycan Beynəlxalq Autizm Mərkəzinin (ABAM) uşaqları və onları müşayiət edən təlimçiləri üçün qatarla səyahət təşkil edib.
Uşaqlar təlimçilərlə birgə dəmir yolu səfərinin nə olduğunu yaxından görmə imkanı əldə ediblər; səyahət zamanı yeni təəssüratlar toplayıblar və fərqli gün keçiriblər.
Layihə çərçivəsində Mikayıl və dostlarının Mərkəzdən başlayan və qatarla davam edən hekayəsi film formasında lentə alınıb. Film bir uşağın qatarlara olan marağından başlanğıc götürür və onun dostları ilə paylaşdığı səfəri əks etdirir.
Mərkəzin mütəxəssisləri filmdə autizmli bəzi uşaqlarda qatarlara marağın səbəblərini izah edirlər: qatarın davamlı və nizamlı hərəkəti, təkrarlanan ritmi, fırlanan çarxlar və pəncərədən ardıcıl dəyişən mənzərələr bəzi uşaqlar üçün rahatladıcı sensor təcrübələr yarada bilər və belə xüsusiyyətlər qatarları onların xüsusi maraq dairəsinə daxil edə bilər.
ADY inklüzivliyin təşviqini, fərqli ehtiyacları olan uşaqların ictimai həyata daha geniş cəlb olunmasını və onlar üçün yeni təcrübələrin əlçatan olmasını önəmli istiqamət hesab edir.