İşğaldan azad edilmiş Ağdərə rayonunun Vəngli kəndinə bir il əvvəl qayıtmış keçmiş məcburi köçkün Mirsədi Məhərrəmli sosial şəbəkədə işlə təmin olunmadığı və sosial vəziyyətinin çətin olduğu barədə paylaşım edib.

M.Məhərrəmli bildirib ki, Xankəndi, Ağdərə və Xocalı rayonlarında fəaliyyət göstərən Xüsusi nümayəndəlik tərəfindən onlara iş verilməyib və buna görə də yolun kənarında obyekt açaraq dolanışığını təmin edir.

Məsələyə münasibət bildirən Xüsusi nümayəndəlik keçmiş məcburi köçkünlərin məşğulluğunun dövlət sosial siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb və işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məşğulluğun təmininin Böyük Qayıdış prosesinin vacib tərkib hissəsi olduğunu qeyd edib.

Qurum Mirsədi Məhərrəmli ilə bağlı sosial şəbəkələrdə səslənən iddiaların həqiqətə uyğun olmadığını bildirib. Açıqlamada qeyd olunub ki, Məhərrəmli Ağdərə rayonunun Vəngli kəndində məskunlaşan keçmiş məcburi köçkündür və ona avtoyuma məntəqəsi ilə yanındakı kafe müqavilə əsasında verilib.

Eyni zamanda, qurum iddia edib ki, Məhərrəmli qeyri-qanuni olaraq yol kənarında əlavə bir obyekt — attraksion tipli məkan da işlədib və ona bunun qanuna uyğun olmadığı izah edilib. Buna baxmayaraq, Məhərrəmli ictimaiyyətə səhv məlumat yaymaqda davam edib və belə paylaşımların görülən işlərə əks təsir göstərdiyi vurğulanıb.

Məsələnin araşdırılması zamanı tərəflər arasında 2026-cı il iyulun 21-də müqavilə bağlandığı sənədlərlə təsdiqlənib. Müqavilə “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin İcraçı direktoru Telman Kərimli ilə Mirsədi Məhərrəmli arasında imzalanıb.

Sənədə əsasən, Məhərrəmliyə Ağdərə rayonunun Vəngli kəndində yerləşən, tikinti altı sahəsi 95.7 kv.m və faydalı sahəsi 67.3 kv.m olan qeyri-yaşayış binası verilib. O, həmin əmlakı qəbul edib və müqavilədə nəzərdə tutulan fəaliyyət növünü fasiləsiz təmin etməyi öz üzərinə götürüb.

Aparılan yoxlamalar zamanı məlum olub ki, müqavilə əsasında verilən avtoyuma məntəqəsi və kafe hazırda fəaliyyət göstərir. Yol kənarında yerləşən və Məhərrəmlinin söküldüyünü iddia etdiyi obyekt isə rəsmi qurumun məlumatına görə onun qanunsuz olaraq açdığı məkan hesab olunur.

Qurum həm avtoyuma və kafenin, həm də yol kənarındakı obyektin fotolarını sənədləşdirib. Hadisənin gedişatı və tərəflərin iddiaları ilə bağlı əlavə məlumatın verilib- verilməyəcəyi barədə məlumat yerləşdirilməyib.