Bakı Apellyasiya Məhkəməsində Rüfət Səfərovun barəsində verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə qərar çıxarıb və şikayət təmin edilməyib. Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin əvvəlki hökmü qüvvədə saxlanılıb.
Əvvəlki məhkəmə qərarına görə, Rüfət Səfərov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb. İttihama görə, o, Novxanıda bağ satmaq vəd edərək zərərçəkən kimi göstərilən Natiq İmaquliyevdən 60 mindən çox manat alıb, lakin vədinə əməl etməyib. Aralarında yaranan mübahisə nəticəsində Natiq İmanquliyev onun qarajına gedərək münaqişə zamanı xəsarət alıb.
Binəqədi rayon Polis İdarəsində Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) və 178.3.2 (dələduzluq — külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri üzrə ittihamlar irəli sürülüb.