Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

Yunan-Roma güləşi üzrə 60 və 82 kiloqram, həmçinin qadın güləşi üzrə 50, 53 və 72 kiloqram çəkilərdə üçüncü yarış günü finalçılar müəyyənləşib.

60 kq-da çıxış edən Ayxan Cavadov turnirə inamlı start verib. O, fransalı Maqomed Varayevə qarşı görüşü 9:0 hesabıyla üstün tamamlayaraq 1/4 finala yüksəlib. Ardından braziliyalı Pedro Enrike de Souza Rodriqesi 6:2 ilə məğlub edən Cavadov yarımfinalda iranlı Əmirəli Heydərini 4:3 hesabı ilə üstələyərək növbəti dəfə U-20 dünya çempionatının finalına çıxıb.

Cavadov sabah finalda özbəkistanlı Dostonbek Oripovla üz-üzə gələcək.

82 kq təmsilçisi Elmin Əliyev ilk iki görüşünü vaxtından əvvəl başa vurub: o, gürcüstanlı Luka Pipiya və yaponiyalı Rondo Kodama üzərində 8:0 hesablı qələbələr qazanıb. 1/4 finalda özbəkistanlı Bekmurod Rustamovu ilk xal prinsipinə əsasən (1:1) məğlub edən Əliyev yarımfinala yüksəlib, lakin orada belaruslu Kiril Valevskiyə 4:7 hesabı ilə uduzub.

Elmin Əliyev sabah bürünc medal uğrunda görüşdə iştirak edəcək. Onun rəqibi ya misirli Mohammed Şaban, ya türkiyəli İsmayıl Bərəkət, ya da finlandiyalı Severi Maeenpaeae olacaq.

Qadın güləşi üzrə 53 kq-da Esra Məmmədli təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızıya 1:7 hesabıyla uduzub və mübarizəni dayandırıb.

72 kq-da Zəhra Kərimzadə yarımfinal yolunda Türkiyənin nümayəndəsi İlayda Çini tuşla məğlub etmiş, lakin növbəti qarşılaşmada hindistanlı Tanu Şarmaya 0:11 hesabıyla uduzub. Zəhra həlledici görüşdə Liliana Kazmina (Rusiya) və Petra Mueller (Macarıstan) arasında qalibə qarşı mübarizə aparacaq.