Azərbaycan Hava Yolları QSC-nin Atırau şəhərinə ilk reysinin doluluq səviyyəsi 87 faiz olaraq qeydə alınıb.
AZAL-ın Kommersiya direktoru Cəmil Manizadə bildirib ki, yeni marşrut şirkətin beynəlxalq şəbəkəsində Qazaxıstan üzrə prioritet bazarlardan birində mövcudluğunu genişləndirir. Atırau qazax istiqamətlərindən beşinci olub və iki ölkə arasındakı nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir.
Uçuşlar həftədə dörd dəfə — bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək. Bu cədvəl Atırau ilə Bakı arasında həm işgüzar, həm də turizm səfətləri üçün daha çevik və əlverişli bağlantı yaradacaq.
AZAL rəsmisi qeyd edib ki, yeni istiqamət həm regional, həm də transfer şəbəkəsini gücləndirir və Bakını Mərkəzi Asiya ilə Avropa, Yaxın Şərq və digər bölgələr arasında təbii transfer mərkəzinə çevirir. Atıraudan səyahət edənlər Bakıdan həm son məntəqəyə, həm də davam edən uçuşlara rahat şəkildə keçid edə bilərlər.
Bakı–Atırau–Bakı marşrutu Qərbi Qazaxıstanın əsas iqtisadi mərkəzlərindən biri sayılan Atırauya birbaşa və rahat gediş-gəliş imkanı təqdim edəcək.