Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi və Türk Dünyası Elmlər Akademiyasının İdarə Heyətinin sədri Qalib Sayılov son dövrlərdə türk-islam məkanında prioritetlərin dəyişdiyini və bunun türk dünyası üçün əlverişli olduğunu vurğulayıb.

Qalib Sayılov bildirib ki, tarixi dövrlərdə coğrafiyalarımız müxtəlif təzyiqlərə və işğallara məruz qalsalar da, indi türk dünyası yeni inkişaf istiqamətini formalaşdırır. O qeyd edib ki, universitet illərində gələcəyin türk əsri olacağı barədə danışılırdı və bu gün həmin proqnozların reallaşdığı görünür.

Ekspert Azərbaycan ilə Özbəkistan münasibətlərinin yüksək səviyyədə olduğunu, bu əlaqələrin iki ölkə prezidentləri arasındakı səmimi dostluq və qarşılıqlı simpatiyaya əsaslandığını bildirib. Sayılovun sözlərinə görə, özbək tərəfi türk dünyasından gələn nümayəndələrə konfrans və simpoziumlarda xüsusi diqqət göstərir və buna görə Özbəkistanın rəhbərliyinə minnətdarlıq ifadə edib.

Türk Dünyası Elmlər Akademiyasının İdarə Heyətinin sədri olaraq bir çox elmi tədbirlərə qatıldığını vurğulayan Sayılov həmin görüşlərin türk dünyası içində qarşılıqlı münasibətləri gücləndirdiyini qeyd edib.

O həmçinin Prezident İlham Əliyevin türk-islam məkanının inkişafı və birliyi üçün mühüm rolunun olduğunu, bu istiqamətdə göstərilən səylərin nəticəsində Türk Dövlətləri Təşkilatının yarandığını söyləyib. Sayılov əlavə edib ki, bəzi xarici təsirlər olsa da, dövlət liderlərinin müdrikliyi birliyin möhkəmlənməsinə imkan yaradır.

Sayılov bildirib ki, 18 il öncə Asiyaya gedərkən belə genişmiqyaslı münasibətlərin mövcud olmadığını müşahidə edirdilər və o dövrdə postsovet düşüncə tərzinin davam etdiyini xatırlayıb. İsmayıl bəy Qaspıralının “Fikirdə, dildə, əməldə birlik” şüarına istinad edən ekspert bu gün türk-islam dünyasının faktiki olaraq sərhədlər daxilində birliyini təmin etdiyini vurğulayıb.