Azərbaycan Hava Yolları (AZAL) sərnişinlər üçün yeni ödəniş həlli tətbiq edib.
Artıq şirkətin təyyarələrinin göyərtəsində ABB markalı POS-terminallarından istifadə etməklə əlavə xidmətlərə görə ödəniş etmək mümkündür. Bu, ödəniş prosesini sürətləndirir və təhlükəsizliyi təmin edir.
Təklif edilən imkanlar çərçivəsində uçuş zamanı sərnişinlər ekonom sinifdə daha rahat yer seçə, həmçinin mövcudluq olduqda biznes və ya premium ekonom sinifinə keçid üçün ödənişi birbaşa təyyarədə həyata keçirə bilərlər.
Yeni sistem əlavə xidmətlərin əlçatanlığını artırır və ödəniş prosesini sadələşdirir. AZAL rəqəmsal transformasiya və sərnişin təcrübəsinin yaxşılaşdırılması istiqamətində bu cür tədbirləri davam etdirir.
Şirkət səyahətin müxtəlif mərhələlərində əlavə rəqəmsal həllərin tətbiqini genişləndirərək sərnişinlərə seçim imkanlarını artırmağı planlaşdırır.