Azərbaycan Hava Yolları (AZAL) sərnişin xidmətlərini təkmilləşdirmək məqsədilə təyyarələrin göyərtəsində yeni ödəmə həlli tətbiq edib.

Aviaşirkət göyərtədə ABB markalı POS-terminalları yerləşdirib. Bu qurğular sayəsində uçuş zamanı təklif olunan əlavə xidmətlərin haqqını bank kartı ilə ödəmək mümkün olacaq.

Sərnişinlər mövcudluğa görə ekonom sinifdə daha rahat oturacaq seçimi və ya biznes və premium ekonom sinifinə yüksəltmə üçün ödənişi birbaşa təyyarədə həyata keçirə bilərlər. Ödəniş prosesi sürətli və təhlükəsiz şəkildə dizayn edilib.

AZAL bildirir ki, bu addım rəqəmsal transformasiya və sərnişin təcrübəsinin davamlı yaxşılaşdırılması strategiyasının tərkib hissəsidir. Şirkət səyahətin müxtəlif mərhələlərində rəqəmsal imkanları genişləndirərək xidmətlərin əlçatanlığını artırmağı planlaşdırır.