Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına və terrorçuluğa açıq çağırışlarla bağlı ibtidai istintaq davam etdirilir.
İstintaq zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının vətəndaşları — jurnalist və telekanal aparıcısı İvan Knyazev, özünü siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Uralov və televiziya jurnalisti, həmin ölkənin nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev 14 iyul 2026-cı il tarixdə "YouTube" platformasında "Семён Уралов" kanalında yayımlanan "Чистота понимания" verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiqi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına çağırışlarla çıxış ediblər.
Həmçinin həmin şəxslərin 13 avqust 2026-cı il tarixində həmin kanalda yayımlanan verilişdə ölkəyə qarşı zorakı üsulların tətbiqi, ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvə məruz qoyulması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirmələri nəticəsində onlara terrorçuluğa açıq çağırış etmələri barədə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Baş prokurorun qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə açıq çağırışlar) və 283.2.1 (milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanıb və ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Toplanmış sübutlara əsasən Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində qərarlar qəbul edilib. Onların ölkə hüdudlarından kənar olmaları səbəbindən axtarış elan edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluq bildirir ki, təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycan Respublikasına təhvil verilməsi məqsədilə müvafiq dövlət qurumlarına müraciətlər edilib və onların beynəlxalq axtarışının təşkili üçün İnterpol kanalları vasitəsilə lazımi tədbirlər görülür.
Azərbaycanın suverenliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı yönələn qanunsuz əməllərlə bağlı milli qanunvericiliyin və ölkənin üzv olduğu beynəlxalq müqavilələrin tələb etdiyi hüquqi tədbirlər bundan sonra da davam etdiriləcək.