Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə reallaşan IV “Maarifçi” tələbə‑məzun proqramı çərçivəsində iştirakçılar arasında intellektual oyun keçirilib. Yarış “Nə? Harada? Nə zaman?” formatında təşkil olunub.
Tədbirin əsas məqsədi iştirakçıların asudə vaxtının faydalı keçirilməsi, şəxsi və peşəkar inkişaflarının təşviqi, həmçinin komanda ruhunun möhkəmləndirilməsi və yeni əlaqələrin qurulması olub.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan yarışda iştirakçılar altı komanda halında bilik və məntiq qabiliyyətlərini nümayiş etdiriblər. Komandalar “Murov”, “Aypara”, “Rəşadət”, “İstiqlal”, “Füyuzat” və “Çələbi” adlandırılıb və müxtəlif mövzuları əhatə edən suallara cavab veriblər.
Rəqabət şəraitində keçən oyun komanda işi, sürətli düşünmə, məntiqi analiz və qərarvermə bacarıqlarının təkmilləşməsinə töhfə verib. Yarışın sonunda qalib komanda müəyyən edilib; onlara diplom təqdim olunub.
Bundan əlavə, fərqlənən iştirakçılara “Ən yaxşı komanda oyunu göstərən”, “Ən hazırcavab” və “Ən pozitiv” nominasiyaları üzrə sertifikatlar verilib.
Qeyd edək ki, “Maarifçi” proqramının əsas hədəfi gənclərin dövlət idarəçiliyi sahəsində praktiki bilik və bacarıqlarının artırılması, peşəkar inkişaf imkanlarının genişləndirilməsi və karyera perspektivlərinin dəstəklənməsidir. Proqram çərçivəsində seçilmiş 53 iştirakçı Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçirlər.