Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Abbas Xəlilov sərhədlərin delimitasiyası prosesinin indiki mərhələdə də davam etdiyini bildirib.

O, 24 may 2024-cü il tarixinin sərhəd tarixinə xüsusi əhəmiyyət daşıdığını xatırladıb və həmin gün Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərinin Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüldüyünü, bu yerlərdə dövlət bayrağının qaldırıldığını vurğulayıb.

General-leytenant qeyd edib ki, bu əməliyyat hərbi qarşıdurma olmadan, delimitasiya çərçivəsində həyata keçirilib və nəticə Azərbaycanın müharibə sonrası yaratdığı yeni siyasi reallığın, dövlətin gücünün və diplomatik imkanlarının göstəricisidir.

O, dövlət sərhədinin müəyyənləşdirilməsi və onun təhlükəsizliyinin təmin edilməsinin uzun müddətli sülh üçün vacib olduğunu bildirib. Xəlilovun sözlərinə görə, bu baxımdan 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri arasında imzalanan Birgə Bəyannamə və iki ölkənin xarici işlər nazirləri tərəfindən 2025-ci ildə paraflanmış “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi mühüm siyasi addımlar hesab olunur.

General-leytenant həmçinin əlavə edib ki, 2026-cı ildə sərhədlərin delimitasiyası prosesi davam etdirilir və sülhün möhkəm olması üçün dövlətlər qarşılıqlı suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət göstərməlidir. O, dövlət sərhədçilərinin əsas missiyasının ölkənin müəyyən edilmiş sərhədlərinin toxunulmazlığını etibarlı şəkildə qorumaq olduğunu bildirib.