Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində aparılan tikinti işləri səbəbindən Bakı metrosunda bəzi istiqamətlər üzrə birbaşa səfərlər müvəqqəti olaraq mümkün deyil.
Hazırda “Dərnəgül” stansiyasından “Həzi Aslanov” və “İçərişəhər”ə, “Həzi Aslanov”dan “Dərnəgül”ə və “İçərişəhər”dən “Dərnəgül”ə birbaşa qatarlarla səfər edilmir.
Eyni zamanda bəzi istiqamətlərdə sərnişinlərin əvvəlki qaydada hərəkət etməsi mümkündür. Məsələn, “Həzi Aslanov–İçərişəhər” mənzilində qatarlar ənənəvi qrafik üzrə, hətta daha qısa intervallarla hərəkət edir.
“Cəfər Cabbarlı” stansiyasından “Xətai” istiqamətində hərəkətlərdə dəyişiklik yoxdur və sərnişinlər bu istiqamətdə adi qaydada istifadə edə bilərlər.
Yaşıl xəttin “Memar Əcəmi” stansiyasından Bənövşəyi xəttə keçid edərək səfəri davam etdirmək mümkündür.
Qeyd edək ki, avqustun 15-dən layihənin əsas tikinti mərhələsinə start verilib. İşlərin təxminən 10–11 ay davam edəcəyi, bu müddətdə “Nizami–28 May” mənzilində qatarların hərəkət etməyəcəyi bildirilib.