Azərbaycan Hava Yolları, AZCON Holding şirkətlər qrupuna daxil olaraq, Qazaxıstanın Atırau şəhərinə ilk reysini uğurla həyata keçirib.

Yeni marşrut iki ölkə arasında hava nəqliyyatı əlaqələrinin möhkəmləndirilməsi, işgüzar və turizm səfərlərinin təşviqi və iqtisadi-humanitar əməkdaşlığın dərinləşdirilməsi məqsədlərinə xidmət edir.

Bakı–Atırau–Bakı istiqamətində uçuşlar həftədə dörd dəfə təşkil olunacaq: bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri. Bu marşrut Qərbi Qazaxıstanın mühüm iqtisadi mərkəzlərindən olan Atırauya birbaşa və rahat səyahət imkanı yaradır.

Şirkət bildirir ki, Qazaxıstan aviabazarında prioritet istiqamətlərə üstünlük verilir və artan mobilik, eləcə də sərnişin tələbatı nəzərə alınaraq uçuş coğrafiyası davamlı şəkildə genişləndirilir. Beləliklə, milli aviadaşıyıcı sərnişinlərə seçim və rahatlıq təqdim etməklə regionlararası hava bağlantılarının inkişafına töhfə verir.

Atırau istiqamətinə biletlər aviadaşıyıcının rəsmi saytından, AZAL mobil tətbiqindən, aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edilə bilər.