Astara rayonunda təşkil olunan əsgər yola salma məclisində həmkəndlilər arasında mübahisə cinayət hadisəsinə çevrilib.

Hadisə rayonun bir kəndində baş verib. 1986-cı il təvəllüdlü Murad həmkəndlisi Mərahim və digər şəxslərlə Alimin oğlunun hərbi xidmətə yola salınması mərasimində mübahisə edib.

Mübahisə zamanı hər iki tərəfin sərxoş olduğu və içkinin təsiri altında sözlərin qızışdığı bildirilib. Nəticədə Murad Mərahimi yumruqla vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Zərərçəkənin şikayəti əsasında Murad barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi (qəsdən sağlamlığa az ağır zərər vurma) ilə ittiham irəli sürülüb. İş üzrə izahat verən təqsirləndirilən şəxs elan olunmuş ittihamı qəbul edib, əməlinə görə peşman olduğunu və zərərçəkmişlə barışdıqlarını söyləyib.

Zərərçəkən Mərahim də ifadəsində Muradla barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Astara Rayon Məhkəməsi təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını nəzərə alaraq cinayət təqibinə xitam verib və onu cinayət məsuliyyətindən azad edib.