15 avqust tarixində Azərbaycanın milli valyutası – manatın tədavüzə buraxılmasının 34-cü ildönümü qeyd olunur.
Milli pul vahidi manat 1992-ci il avqustun 15-də rəsmi olaraq dövriyyəyə daxil edilib. İlk pul emissiyası həmin il Fransada çap olunmuşdur.
Pul dövriyyəsinin təşkilinə dair işlər 1992-ci ilin fevralında Milli Bankın yaradılması haqda fərmanla başlamış, ardından iyul ayında milli valyutanın dövriyyəyə buraxılması ilə bağlı qərar qüvvəyə minmişdir. 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq kağız əsginaslar, noyabrda 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrda 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq əsginaslar tədavülə çıxarılıb.
1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat rublla paralel olaraq 1 manat:10 rubl nisbətində ölkə daxilində ödəniş vasitəsi kimi istifadə edilib. Müstəqil pul siyasətinin tətbiq edilməsi məqsədilə manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olması zərurəti ortaya çıxıb və 1993-cü il dekabrın 11-də bu status təsbit olunub.
Nağd pul dövriyyəsinin tənzimlənməsi və tələbə uyğunluğu təmin etmək üçün 1994-cü ildə 10 min, 1996-cı ildə isə 50 min manatlıq əsginaslar çap edilərək dövriyyəyə daxil edilib. 10 minlik üzərində Şirvanşahlar kompleksi təsviri, 50 minlikdə Möminə Xatun türbəsinin görüntüsü yerləşdirilmişdir. 2001-ci ildə isə neft çıxarılmasına həsr olunmuş 1000 manatlıq yeni əsginas buraxılıb.
1992–2005-ci illər ərzində Milli Bank tərəfindən ümumilikdə 5 trilyon 238 milyard köhnə manat həcmində 692,5 milyon ədəd əsginas istehsal edilərək dövriyyəyə verilib. Köhnə nominallı pullar 2006-cı ilin sonuna qədər tədavüldə qalmış və denominasiya çərçivəsində geri yığılıb.
2005-ci il fevralın 7-də imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən yeni manata keçid tətbiq olunub: 1 yeni manat (AZN) 5000 köhnə AZM-ə bərabər sayılıb. Köhnə və yeni manaatlar 2006-cı ildə bir il paralel dövriyyədə olmuş, tam keçid 2007-ci il yanvarın 1-dən təmin edilmişdir. AZM-dən AZN-ə dəyişmə prosesinə məhdudiyyət qoyulmayıb və dəyişmə bu günə qədər də məhdud həcmdə davam edir.
Yeni manat dövriyyəyə 1, 5, 10, 20, 50 və 100 manatlıq əsginaslar, eləcə də 1, 3, 5, 10, 20 və 50 qəpiklik metal pullarla daxil olmuşdur. Yeni dizayn müsabiqəsinin qalibi avstriyalı dizayner Robert Kalina, texniki parametrlərin hazırlanmasında isə İsveçrə Milli Bankı texniki dəstək göstərmişdir.
2018-ci ilin mayında 200 manatlıq yeni əsginas təqdim edilərək istehsalçı şirkət Giesecke+Devrient tərəfindən istehsal olunub; üzərində Heydər Əliyev Mərkəzinin təsviri və milli ornamentlər əks edilib. Daha sonra “Qarabağ” mövzusunda hazırlanmış 20 manatlıq yenilənmiş pul nişanı Mərkəzi Bankın 30 illik yubileyi ərəfəsində tədavülə buraxılıb; onun dekorativ elementləri arasında Xarıbülbül motivi və müvafiq simvollar yer alır.
Üstəlik, metal pulların bəzi nominalarında Dövlət Gerbi və istehsal ili daxil olmaqla dizayn yeniləmələri aparılıb. 2023-cü ilin mayından isə yüksək əyarlı Azərbaycan qızılından investisiya məqsədli pul nişanları və Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yubiley nişanları tədavülə çıxarılıb; istehsal Böyük Britaniyanın The Royal Mint müəssisəsində həyata keçirilib və müxtəlif çəki variantlarında buraxılıb.
2024-cü ildə yenilənmiş 1 qəpiklik metal pul nişanları, cari ilin iyulunda isə ən son təhlükəsizlik elementləri ilə təchiz olunmuş yenilənmiş 100 manatlıq kağız pul nişanı dövriyyəyə verilib. 100 manatlıq yeni əsginasda rəngi dəyişən holoqram, dinamik işıq effekti, su nişanı, görmə qüsuru olanlar üçün tanıma elementləri, şaquli dizayn və digər müasir mühafizə vasitələri tətbiq olunub.
Hazırda investisiya məqsədli və yubiley pul nişanlarının satışı və geri alışı Mərkəzi Bank tərəfindən həyata keçirilir; investisiya nişanları müxtəlif ağırlıq kateqoriyalarında istehsal olunaraq uzunmüddətli investisiya və yığım vasitəsi kimi tədavülə çıxarılıb.
Mərkəzi Bank nağd pul sahəsində mühafizə sistemlərinin müasirləşdirilməsini və dizayn yeniliklərini daim diqqətdə saxlayır.