Gündəlik həyatın və iş proseslərinin ayrılmaz hissəsinə çevrilən internet xidmətində qəfil kəsintilər abonentlər üçün həm vaxt, həm də maddi itkilərə səbəb ola bilər. Xidmətin öncədən xəbərdarlıq edilmədən dayandırılması hallarında provayderin məsuliyyəti və istifadəçinin hüquqları müəyyən olunmalıdır.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq Departamentinin müdiri, vəkil Fuad Məmmədov bildirib ki, əgər qanunvericilikdə və ya müqavilədə başqa qayda göstərilməyibsə, provayderin xəbərdarlıq etmədən xidməti dayandırması abonentin hüquqlarının pozulması sayılır.
Vəkil qeyd edib ki, provayder üzərinə düşən öhdəlikləri yerinə yetirmədikdə inzibati məsuliyyətə cəlb edilə və cərimə ilə üzləşə bilər. Həmçinin Mülki Məcəlləyə əsasən, provayderin təqsiri nəticəsində xidmət dayandırılıbsa və ya xidmət lazımi qaydada göstərilməyibsə, o, vurulan zərərin ödənilməsinə görə məsuliyyət daşıyır.
Abonent hüquqları pozulduqda deymiş zərərin kompensasiyası üçün məhkəməyə müraciət etmək mümkündür. Eyni zamanda, qanunvericilikdə nəzərdə tutulan hallarda aidiyyəti dövlət orqanlarına inzibati qaydada şikayət verilməsi də alternativdir.
Fuad Məmmədov provayderlərin texniki və inzibati problemlərin qarşısını almaq, eləcə də abonentləri vaxtında məlumatlandırmaq öhdəliklərini ciddi şəkildə yerinə yetirməli olduqlarını vurğulayıb. Praktikada provayderlər uçot və məlumatlandırma prosedurlarına riayət etməli, xidmətin dayandırılması və ya dəyişikliklər barədə vaxtında xəbər verməlidirlər.
Həmçinin vəkil xatırladıb ki, internet xidmətləri istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin çərçivəsinə daxildir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, xidmət göstərən icraçılar, o cümlədən internet provayderləri istehlakçı hüquqlarını pozduqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə görə isə istehlakçı hüquqlarının pozulması və normativ sənədlərin tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi hallarında fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 6000 manatadək cərimə edilə bilər.
Nəticə etibarilə, internet xidmətinin izahat və xəbərdarlıq olmadan dayandırılması istehlakçının hüquqlarının pozulmasına səbəb ola bilər. Belə vəziyyətdə abonent ilk növbədə provayderə müraciət etməli, xidmətin bərpası və problemin səbəbi ilə bağlı məlumat almalı, dəymiş zərər varsa isə onun əvəzinin tələb edilməsi üçün qanuni mexanizmlərə müraciət etməlidir.