Siyasi şərhçi Rəşad Bayramov bildirib ki, Azərbaycan ilə Özbəkistan münasibətlərinin əsas dayağı ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərdən ibarətdir.
O vurğulayıb ki, indiki səfər zamanı prioritetlərdən biri siyasi müttəfiqliyin iqtisadi məzmununun daha da gücləndirilməsidir.
Bayramov son illərdə ticarət dövriyyəsinin sürətlə artmasını, iki ölkə şirkətlərinin qarşılıqlı investisiya layihələrini, avtomobil istehsalı sahəsində əməkdaşlığı və regionlararası forumların keçirilməsini əlaqələrin artıq praktik iqtisadi nəticələr verdiyini göstərən amillər kimi dəyərləndirib.
Nəqliyyat və tranzit istiqamətinə də xüsusi önəm verildiyini qeyd edən ekspert bildirib ki, Azərbaycan və Özbəkistanın Mərkəzi Asiya, Xəzər hövzəsi və daha geniş Avrasiya marşrutları üzərində yerləşməsi hər iki tərəfə logistika sahəsində mühüm imkanlar yaradır.
Bayramov səfəri Azərbaycan-Özbəkistan müttəfiqliyinin siyasi etimaddan iqtisadi və regional inteqrasiyaya doğru dərinləşməsi, Azərbaycanın Mərkəzi Asiyada artan rolu və iki ölkə arasında formalaşmış strateji tərəfdaşlığın uzunmüddətli xarakter almasının göstəricisi kimi qiymətləndirib.