Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı son dövrlərdə Rusiya mediasında və informasiya məkanında Azərbaycan, Azərbaycan xalqı və ölkə rəhbərliyinə qarşı səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalar barədə ciddi narahatlıq və qəti etiraz bildirilib.

Nazirlik xüsusilə avqustun 13-də "Çastota ponimaniya" layihəsi çərçivəsində yayımlanan verilişdə Azərbaycana, xalqına və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən ifadələrə diqqət çəkib.

Həmçinin avqustun 7-də "Sputnik" radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin "Rusiyanın terrorçu və ekstremistlər siyahısına" daxil edilməsi ilə bağlı səsləndirilən fikirlər, avqustun 9-da "YouTube" platformasında və avqustun 16-da "Spas" telekanalında yayılan təhqir məzmunlu materiallar xatırladılıb.

Görüşdə qeyd edilib ki, Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsi və Azərbaycan xalqına, habelə rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsi qəbuledilməzdir.

Nazirlik bildirir ki, bu tip fəaliyyətlərin qarşısının alınması ilə bağlı edilən çağırışlara və məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirəsinə baxmayaraq, analoji ritorikanın daha sərt formada davam etməsi ciddi narahatlıq yaradır.

Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, Rusiyanın informasiya və media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması məqsədilə təxirəsalınmaz və təsirli tədbirlər görüləcək.

Bu mövzu görüş zamanı qarşı tərəfin diqqətinə bir daha çatdırılıb.