Prezidentin 20 avqust 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda hədəf ölkələrə vizasız gediş-gəliş rejiminin genişləndirilməsi nəzərdə tutulub.
Proqramın Tədbirlər Planına əsasən, ümumvətəndaş pasportu əsasında seçilmiş turizm ölkələrinin vətəndaşları üçün birtərəfli və ya qarşılıqlı qaydada viza tələblərinin aradan qaldırılması üçün müvafiq daxili prosedurlar həyata keçiriləcək.
Aralıq məqsəd kimi 28 hədəf ölkənin vətəndaşları üçün vizasız rejimin tətbiqi planlaşdırılır; son hədəf isə bu göstəricini 34 ölkəyə çatdırmaqdır. Tədbirlərin icra müddəti 2026–2030-cu illəri əhatə edir.
Tədbirin əsas icraçısı Nazirlər Kabinetidir. İşə Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlar cəlb ediləcək.
Proqramda viza siyasətinin yumşaldılması ilə yanaşı, turizm məqsədilə çoxdəfəlik elektron vizaların verilmə mexanizmlərinin təkmilləşdirilməsi də yer alıb. Elektron viza və sərhəddə viza rejimi tətbiq olunan ölkələrin sayının artırılması, eləcə də “ASAN Viza” sistemi üzrə çoxdəfəlik elektron vizaların verilməsi üçün prosedur və texniki imkanların yenilənməsi planlaşdırılır.
Həmçinin elektron viza rejiminin tətbiqi nəzərdə tutulan yeni ölkələrin siyahısının hazırlanması, sərhəddə viza rejiminin müddətsiz əsaslarla tətbiqinin nəzərdən keçirilməsi və müəyyən ediləcək ölkələrin vətəndaşlarına elektron viza imkanının yaradılması göstərilib. Bu tədbirlərin bir hissəsinin 2026–2027-ci illərdə həyata keçirilməsi planlaşdırılır.