Dövlət Gömrük Komitəsinin göstəricilərinə görə, 2026-cı ilin yanvar–iyul aylarında Azərbaycandan 531,3 ton çay ixrac edilib və ixracdan təxminən 4,7 milyon ABŞ dolları məbləğində gəlir əldə olunub.
Eyni dövrdə ölkəyə 8 124,6 ton çay idxal olunub və beləliklə, hesabat dövründə idxalın həcmi ixracı dəfələrlə üstələyib. Bu nisbət çayçılığın daxili tələbatı qarşılamadığını və ixaldan asılılığın yüksək olduğunu göstərir.
İdxalın yüksək səviyyədə qalması xüsusilə yerli istehsalın azalması fonunda yerli istehsalın inkişafına mane olan amillərin, fermerlərin üzləşdiyi problemlərin və çayçılığın iqtisadi potensialından tam istifadə olunmamasının araşdırılmasını aktuallaşdırır.
Çay plantasiyalarının genişləndirilməsi, məhsuldarlığın artırılması, müasir istehsal və emal texnologiyalarının tətbiqi, fermerlərin maliyyə imkanlarının yaxşılaşdırılması və yerli məhsulun xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsi kimi tədbirlər çay sektorunun gücləndirilməsində əsas yönlər hesab olunur.
Milli Məclisin deputatı və iqtisadçı Vüqar Bayramov bildirib ki, bəzi ərzaq məhsulları üzrə həm idxal, həm də ixrac həyata keçirilir və çay məhsulu üzrə istifadə olunan xammalın böyük hissəsi idxal olunur. O qeyd edib ki, Azərbaycanın ixrac etdiyi və ya qablaşdırdığı çayın xammalı xaricdən gətirilir və bu da idxal-ixrac göstəricilərində əks olunur.
Bayramovun sözlərinə görə, yerli istehsal adı altında satışa çıxarılan bəzi çay markalarının tərkibində xarici xammal xüsusi paya malikdir və xammal formasında idxal olunan çayın həcmi kifayət qədər böyükdür. Bu amillər idxal və ixrac arasında fərqə səbəb olur.
Deputat gələcək prioritet olaraq yerli istehsalın genişləndirilməsini vurğulayıb və bunun üçün çay üçün nəzərdə tutulmuş torpaq sahələrinin artırılmasının vacib olduğunu bildirib. O həmçinin subsidiyaların mövcud olduğunu, ölkə daxilində tələb yüksək olduğu və buna görə də xammal baxımından idxala ehtiyacın qalmasının idxalın böyük həcmə çatmasına gətirib çıxardığını əlavə edib.