Azercell insan kapitalının inkişafı və rəqəmsal transformasiya istiqamətində icra etdiyi layihələrlə 2026 Brandon Hall Group HCM Excellence Awards beynəlxalq müsabiqəsində üç mükafat qazanıb. Şirkətin "İnsan kapitalının idarəedilməsi sisteminin rəqəmsal transformasiyası" layihəsi qızıl, IE Business School ilə birgə hazırlanan "Liderlik bacarıqlarının inkişafı proqramı" gümüş, "AI Bootcamp" layihəsi isə bürünc mükafata layiq görülüb.
Azercell-in İnsan kapitalı üzrə baş direktoru Dilarə Hüseynova mövzu ilə bağlı bunları bildirib: "İnsan kapitalına sərmayə şirkətimizin uzunmüddətli inkişafının əsas şərtlərindən biridir. Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olaraq biz müasir texnologiya və rəqəmsal həllər tətbiq etməklə yanaşı, bu transformasiyanı irəli aparacaq insanların bilik və bacarıqlarının inkişafına da sistemli şəkildə investisiya edirik. İnanırıq ki, texnoloji transformasiyanın real dəyəri məhz insanların yeni imkanlardan səmərəli şəkildə istifadə edərək onları real biznes nəticələrinə çevirə bilməsi ilə formalaşır".
Şirkət miqyasında RPA və süni intellekt həllərinin tətbiqini genişləndirərək biznes proseslərinin rəqəmsal transformasiyasını davam etdirir. Bu təşəbbüs çərçivəsində insan kapitalının idarəedilməsi prosesləri də yenidən qurulub: SAP SuccessFactors platformasının tətbiqi nəticəsində əsas HR əməliyyatlarının 80–90%-i avtomatlaşdırılıb. Süni intellekt və avtomatlaşdırma həlləri proseslərin səmərəliliyini artırmaqla yanaşı, məlumat əsaslı qərarvermə imkanlarını da genişləndirir.
Azercell əməkdaşların davamlı inkişafına və liderlik bacarıqlarının möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. IE Business School ilə birgə hazırlanan "Liderlik bacarıqlarının inkişafı proqramı" iştirakçıların özünüidarəetmə, təşəbbüskarlıq, məsuliyyət və qərarvermə bacarıqlarını, rəhbər vəzifəsində olanların isə komandanın effektiv idarə olunması və əməkdaşların inkişaf etdirilməsi bacarıqlarını gücləndirməyi hədəfləyir.
Eyni zamanda, şirkətin dəstəyi ilə həyata keçirilən "AI Bootcamp" ölkənin müxtəlif universitetlərində təhsil alan tələbələrə süni intellekt üzrə biliklərini dərinləşdirmək və AI texnologiyalarının praktik tətbiqi üzrə təcrübə qazanmaq imkanı yaradıb. Layihə gənc istedadların yetişdirilməsinə və əmək bazarı üçün zəruri kompetensiyaların formalaşdırılmasına xidmət edir.
Qeyd edək ki, Azercell "Great Place to Work®" sertifikatına sahibdir. Brandon Hall Group HCM Excellence Awards isə insan kapitalının idarəedilməsi sahəsində innovativ proqramları və onların ölçülə bilən nəticələrini qiymətləndirən beynəlxalq mükafat proqramıdır. Müsabiqədə layihələr müstəqil sənaye ekspertləri tərəfindən biznes ehtiyaclarına uyğunluq, proqramın hazırlanması və tətbiqi, eləcə də innovativ yanaşma meyarları əsasında dəyərləndirilir.