Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Babək Mürsəl oğlu Ələkbərova "general-leytenant" ali hərbi rütbəsi verilib.
Babək Mürsəl oğlu Ələkbərov 24 dekabr 1987-ci ildə Abşeron rayonunda anadan olub və əslən Qərbi Azərbaycandandır.
O, 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə MTN-in Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsilini başa vuraraq leytenant rütbəsi ilə məzun olub.
Məzuniyyətdən sonra Sərhəd Qoşunlarının Çevik Hərəkət Qüvvələrində xidmətə başlayıb və 2016-cı ildə Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə "İgidliyə görə" medalı ilə təltif edilib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib; Arazboyu əməliyyatlarında xüsusi şücaət göstərərək Zəngilanın və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandaya məruzə edib.
Azərbaycanın ərazi bütövlüyünün bərpasında göstərdiyi xidmətlərə və döyüş tapşırıqlarını yerinə yetirərkən düşmənin məhv edilməsi zamanı nümayiş etdirdiyi igidliyə görə Babək Ələkbərova 9 dekabr 2020-ci il tarixli Sərəncamla "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Bundan əlavə, o, 2 fevral 2024-cü il tarixli Sərəncamla "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunub.
Hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı vəzifəsində çalışır (bu vəzifəyə 2023-cü ildən etibarən). Ailəlidir və üç övladı var.