Baş Prokurorluq Rasim Həsənov Əlövsət oğlu ilə bağlı Bakı Hərbi Məhkəməsinin hökmü barədə açıqlama yayıb.
İbtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb. İstintaq materiallarına əsasən Həsənov Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 313 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Dövlət ittihamını müdafiə edən prokuror məhkəmədən Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il azadlıqdan məhrum edilməsini tələb etmişdir.
Bakı Hərbi Məhkəməsi isə ittiham tərkibini dəyişdirərək onun əməllərini Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə qiymətləndirib və məhkəmə 7 min manat məbləğində cərimə kəsib.
Həbsdə keçirdiyi müddət nəzərə alınaraq məbləğ 5 min manata endirilib. Qərar dövlət ittihamçısına təqdim edildikdən sonra apellyasiya protestinin verilib-verilməməsinə baxılacaq.