Bakı metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi üzərindən aparılan tikinti işləri ilə əlaqədar bəzi istiqamətlər üzrə birbaşa səfərlər məhdudlaşdırılıb.

Məlumatda bildirilir ki, hazırda "Dərnəgül" stansiyasından "Həzi Aslanov" və "İçərişəhər" istiqamətlərinə, həmçinin "Həzi Aslanov"dan "Dərnəgül" və "İçərişəhər"dən "Dərnəgül" istiqamətlərinə birbaşa qatarla getmək mümkün deyil.

Eyni zamanda bəzi xətlər üzrə hərəkət əvvəlki qaydada davam edir. Məsələn, "Həzi Aslanov-İçərişəhər" xəttində qatarlar ənənəvi sxemdə, hətta intervallar daha sıx şəkildə işləyir.

"Cəfər Cabbarlı" stansiyasından "Xətai" istiqamətində heç bir dəyişiklik qeydə alınmayıb və sərnişinlər həmin marşrutla olduğu kimi hərəkət edə bilərlər. Yaşıl xəttdə isə "Memar Əcəmi" stansiyasından Bənövşəyi xətə keçid edərək səfərə davam etmək mümkündür.

Qeyd edək ki, layihənin əsas tikinti mərhələsi avqustun 15-də başlanıb. İşlərin təxminən 10–11 ay davam edəcəyi və bu müddət ərzində "Nizami-28 May" mənzilində qatarların hərəkət etməyəcəyi vurğulanıb.