Sosial şəbəkələrdə 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar vəziyyətə aid görüntülər yayılıb.

Paylaşılan kadrlarda xəstəxananın sanitar qovşaqlarının, həmçinin otaq və dəhlizlərin baxımsız və natəmiz vəziyyətdə olduğu əks olunub. Videolarda sanitariya qaydalarının pozulduğu, ərazidə təmizlik tədbirlərinin yetərli olmadığı vurğulanır.

Yayılan şərhlərdə sanitar qovşağının vəziyyəti kəskin tənqid olunub və belə bir məkanın səhiyyə müəssisəsinə yaraşmadığı qeyd edilib. Bildirilib ki, burada vəziyyət səhiyyə mərkəzindən daha çox antisanitariya mənbəyini xatırladır və uşaqlar üçün təhlükə yarada bilər.

Həmçinin paylaşımlarda tibb müəssisəsinin rəhbərliyinə, o cümlədən TƏBİB-ə bu vəziyyətlə bağlı suallar verildiyi, sağlam uşaqların yoluxma riskinin olduğu vurğulanıb.

Eyni zamanda yayılan materiallarda xəstəxananın otaq və dəhlizlərinin də oxşar şəkildə baxımsız olduğu, ümumi təmizlik və sanitariya normalarının təmin edilməsinin vacib olduğu bildirilir.