Bu gün paytaxtda 7A nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində soyutma sisteminin drenaj xəttində texniki problem baş verib.

"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, sürücü nasazlığı müəyyən etdikdən sonra avtobusun dövriyyəsini tamamlayaraq sərnişinləri son dayanacağa çatdırıb, nəqliyyat vasitəsi isə texniki baxış və təmir üçün depoya təhvil verilib.

Mətbuat katibinin sözlərinə görə, nasazlığın aradan qaldırılması üçün müvafiq işlər görülür və sərnişindaşıma xidmətində fasilə yaranmaması üçün nasaz avtobus operativ şəkildə digər nəqliyyat vasitəsi ilə əvəz edilib.

Hadisə saat 12:14 radələrində baş verib. Avtobusun salonunda oturan bir sərnişin bildirib ki, tavandan su axıb və o, Əhmədlidən Bakı Dəmiryol Vağzalına gedən zaman pəncərə kənarında əyləşmişdi.

Sərnişin qeyd edib ki, yolboyu tavandan damcılayan sudan qorunmaq məqsədi ilə təxminən bir saat ərzində aldığı kitabın plastik paketini başının üzərinə tutub.

Hazırda avtobusda aşkarlanan problemin aradan qaldırılması üçün texniki işlər davam edir və xidmətin kəsintisiz göstərilməsi təmin olunub.