Milli Məclisin deputatı Vüqar Bayramov Bakıda dəyişkən iş qrafikinin Dövlət Proqramına uyğun şəkildə tətbiq ediləcəyini açıqlayıb.

Deputat bildirib ki, proqram çərçivəsində konkret vaxt cədvəli müəyyən edilib və 2025-ci ildən etibarən müvafiq qurumlar tərəfindən təhlillər aparılır. Bu qurumlar sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası yer alır.

Bayramovun sözlərinə görə, aparılan qiymətləndirmələr yekunlaşmaq üzrədir. Yekun qiymətləndirmələr əsasında dəyişkən iş qrafikinin tətbiq olunacaq sahələrin siyahısı hazırlanacaq və həmin siyahı Nazirlər Kabinetinə təqdim ediləcək.

Nazirlər Kabineti siyahını təsdiqlədikdən sonra dəyişkən iş qrafikinə keçid təmin ediləcək. Deputat qeyd edib ki, tətbiq sektorlar üzrə olacaq: dövlət müəssisələrində bu qrafik icbari hesab ediləcək, özəl sektorda isə tövsiyə xarakterli olacaq.

Vüqar Bayramov vurğulayıb ki, Dövlət Proqramına uyğun olaraq dəyişən iş qrafiki Azərbaycanda 2026-cı ildə tətbiq edilməlidir və bu il çərçivəsində prosesin gerçəkləşməsi nəzərdə tutulur.