Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib.
Səfir dövlət başçısına etimadnaməsini təqdim edib və çıxışına Azərbaycan dilində başlayıb. Dankan Norman görüşdə 27 il əvvəl həyat yoldaşı Kerri ilə Azərbaycana ilk dəfə gəldiklərini, o vaxtkı mehribanlıq və Bakının potensialından təsirləndiklərini bildirib və ölkədə əldə olunan inkişafı vurğulayıb.
Norman Birləşmiş Krallıq ilə Azərbaycan arasında yeni strateji tərəfdaşlığın formalaşdırılmasına yönəlmiş işlərin davam etdiyini qeyd edib. O, ortaq prioritetlər əsasında əməkdaşlığın dərinləşəcəyini, təhlükəsizliyin möhkəmlənəcəyini və innovasiyaların əlaqələri irəli aparacağını bildirib.
Səfir bərpaolunan enerji, müdafiə və aviasiya sahələrində dinamik əməkdaşlıq qurmaq istədiklərini söyləyib. Təhsil sahəsində əlaqələrin əhəmiyyətinə toxunan Norman gənclər arasında körpülərin möhkəmlənməsinin vacibliyini də vurğulayıb.
Görüş zamanı Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması istiqamətində apardığı fəaliyyətin Böyük Britaniya hökuməti tərəfindən təqdir edildiyi bildirilib və bu irəliləyişə dəstək ifadə olunub.
Səfir həmçinin Birləşmiş Krallığın Azərbaycanın minatəmizləmə səylərini dəstəkləyən ilk beynəlxalq tərəfdaşlardan biri olduğunu xatırladıb. Prezident İlham Əliyev bu yardıma görə Britaniya tərəfindən göstərilən səylərə təşəkkürünü bildirib və minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın daha da güclənməsinə ehtiyac olduğunu vurğulayıb.
Dövlət başçısı Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın otuz il əvvəl əsasən enerji sahəsində başladığını xatırladıb. İlham Əliyev hazırda bərpaolunan enerji sahəsində geniş potensialın mövcud olduğunu, bu kontekstdə ölkədə ilk Günəş elektrik stansiyasının bp tərəfindən inşa edildiyini qeyd edib.
Prezident müstəqilliyimizin 35 ilinin bir ilini sülh şəraitində keçirdiyimizi, bunun region üçün mühüm dəyişiklik olduğunu və təhlükəsizliyin ölkəmizin gündəliyində prioritet olaraq qalacağını bildirib. İlham Əliyev həmçinin Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını və Azərbaycanla britaniya şirkətləri arasında güclü qarşılıqlı maraq olduğunu vurğulayıb.
Görüşün sonunda dövlət başçısı səfirə Bakıda uğurlu fəaliyyət və xoş vaxt arzulayıb.