2026-cı ilin iyununda Azərbaycanda kirayə mənzillərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 7.4% artıb.
Bu göstərici Mərkəzi Bankın pul siyasəti icmalında yer alıb. Qurumun 2025-ci il üzrə illik maliyyə sabitliyi hesabatında isə təklifdə olan kirayə mənzillərin yarısının aylıq 1 000 manatdan baha olduğu vurğulanıb.
Yaxın zamanda ali təhsil müəssisələrində yeni tədris ilinin başlaması ilə paytaxtda kirayə tələbinin yüksəlməsi gözlənilir. Əmlak bazarında mövsümi artım adətən sentyabr-avqust dövrünə təsadüf etsə də, mütəxəssislər bu il bahalaşmanın ilboyu davam etdiyini bildirirlər.
Daşınmaz əmlak eksperti Ramil Osmanlı qeyd edir ki, köhnə yaşayış fondunun sürətlə azalması ucuz mənzillərin sayını azaldır. Təklifin məhdudlaşması ilə tələbin yüksək qalması qiymətlərin yüksəlməsinə təkan verir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc avqustdan başlayaraq kirayə tariflərində yeni artım dalğasının yarana biləcəyini proqnozlaşdırır və mövsümi canlanmanın qiymətləri əlavə 10-15 faiz qaldıra biləcəyini bildirir.
Oruc xüsusilə ali təhsil müəssisələrinin cəmləşdiyi Nəsimi, Yasamal, Nərimanov, Səbail və Xətai rayonlarında bahalaşmanın daha kəskin olacağını vurğulayır. O, tələb azalaraq bazarda nisbətən stabilləşmə yaransa da, bunun qiymətlərin düşməsi demək olmadığını qeyd edib.
Ekspert həmçinin diqqət çəkir ki, metronun "28 May" və "Nizami" stansiyaları arasındakı hərəkətin 11 aya qədər dayandırılması kirayə bazarının coğrafi paylanmasına təsir edə bilər. Nəqliyyat baxımından daha əlverişli zonalara tələbatın artması həmin ərazilərdə qiymətlərin daha sürətlə artmasına səbəb ola bilər.