Bakının Xətai rayonunda özünü hüquq mühafizə orqanı əməkdaşı kimi təqdim edən şəxs inzibati qaydada həbs edilib.

Hadisə Məhəmməd Hadi küçəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü C.V. polisə məxsus jiletka geyinərək vətəndaşlarla ünsiyyətə girib.

Araşdırma zamanı müəyyən edilib ki, o, bəzi şəxslərin naməlum yerdə siqaret çəkdiyini əsas gətirərək onlardan pul tələb edib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

Məhkəmədə C.V. özünü təqsirli bilməyib. O bildirib ki, uşaqlıqdan hüquq mühafizə orqanlarında çalışmaq istəyib və buna görə jileti üzərinə geyinib. Həmçinin iddia edib ki, pis niyyəti olmayıb və heç kimdən pul almamışdır.

Təqsirləndirilən şəxsin sözlərinə görə, jiletka təxminən beş ay əvvəl kirayədə qaldığı bağdan götürülüb və o, həmin geyimdə sadəcə ərazidə gəzdiyini deyib. C.V. əməlinə görə peşman olduğunu bildirərək yüngül tənbeh tətbiq olunmasını xahiş edib.

Məhkəmənin qərarı ilə C.V.-yə 10 gün müddətinə inzibati həbs tətbiq edilib.