Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus “İbrahim Tatlışiş” kabab evində yoxlama keçirib.
Yoxlama zamanı istifadə edilən farşın keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər təqdim edilməyib. Nümayiş olunan sənədlərin olmaması məhsulun izlənmə imkanlarını məhdudlaşdırıb.
Agentlik tərəfindən götürülən nümunələrin laborator müayinəsinin nəticəsinə görə, farşda at DNT-si aşkarlanıb. Eyni zamanda müəssisədə izlənmə sisteminin tətbiq edilmədiyi və sanitar-texniki, sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Qeyd edilir ki, həmin obyektin sahibi 2025-ci ilin may ayında keçirilən yoxlama zamanı da at DNT-si aşkarlanması faktına görə məsuliyyətə cəlb edilib.