Bakıda yaşayış xərcləri davamlı artmaqdadir və kirayə, ərzaq, nəqliyyat kimi əsas xərc maddələri nəzərə alınanda “normal yaşamaq” üçün tələb olunan gəlirin müəyyənləşdirilməsi çətinləşib.
İqtisadçı Fuad İbrahimov deyib ki, bu suala vahid və dəqiq rəqəm vermək mümkün deyil. Onun sözlərinə görə, bir sıra sistem və xidmətlərin rəsmi olaraq pulsuz sayılmasına baxmayaraq, reallıqda vətəndaşlar həmin sahələrdə əhəmiyyətli xərclərə məruz qalırlar.
Ekspert xatırladıb ki, əvvəllər qiymət sabitliyi şəraitində yaşayış xərclərini hesablamaq nisbətən asan idi, amma indi istehlak səbətinin tərkibi dəyişib və ona yalnız ərzaq deyil, həm də geyim, dərman, mobil rabitə və internet kimi məcburi xidmətlər daxildir.
Fuad İbrahimov qeyd edib ki, təhsil və səhiyyə sahəsində formalaşan "gizli xərclər" ailə büdcəsinə birbaşa təsir edir. O bildirib ki, kağız üzərində pulsuz olan təhsil sistemində praktikada 1-ci sinfdən 11-ci sinfə qədər şagirdlərin repetitor hazırlığına göndərilməsi zərurətə çevrilib. Eyni problemlər səhiyyə sahəsində də mövcuddur; sığorta və xidmət çərçivəsinə daxil olmayan dərmanlar və tibbi prosedurlar vətəndaşların şəxsi vəsaiti hesabına ödənilir.
Həmçinin, ərzaq bazarında oxşar keyfiyyətdə malların qiymətlərində böyük fərqlər müşahidə olunur: bəzi məhsullar bazar və mağazalarda 12 manatdan 25 manata qədər dəyişən qiymətlərlə təklif olunur ki, bu da xərclərin hesablanmasını çətinləşdirir.
İqtisadçı bildirib ki, Bakıda normal yaşayış anlayışına keyfiyyətli ərzaq, kommunal və rabitə xidmətləri, yüngül tibbi ehtiyacların ödənilməsi, təhsil xərcləri və ayda ən azı bir dəfə mədəni-maarif müəssisələrinin ziyarəti daxil olmalıdır.
Fuad İbrahimov vurğulayıb ki, elmi-tədqiqat institutları tərəfindən ətraflı hesablamalar aparılmalıdır, amma mövcud bazar şərtlərinə əsasən ən çox minimal olaraq adambaşına 600–650 manat gəlir tələb olunur. Real yaşayış üçün isə adambaşına düşən xərclər 800–1000 manat aralığında olduqda Bakıda "normalın aşağı səviyyəsində" həyat davam etdirilə bilər.