Bakıda iri supermarket şəbəkəsinə aid filialların birində baş verən cinayət işi ilə bağlı yeni məhkəmə qərarı açıqlanıb. Qeyd olunur ki, Biləcəri qəsəbəsində yerləşən filialın müdiri M. Hüseynov və onunla əlbir olan satış anbarı əməkdaşı E. İbrahimov külli miqdarda qiyməti olan malları kassaya vurulmadan gizli şəkildə çıxarıb başqa sahibkarlara satıblar. Hüseynov və İbrahimov Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə, yəni külli miqdarda mənimsəmə ilə ittiham olunublar və iş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə tərəflər bildirmişlər ki, hadisə Biləcəri qəsəbəsində yerləşən marketin anbarından 103 467 manat dəyərində malın qanunsuz şəkildə çıxarılaraq mənimsənilməsi və satışı ilə bağlıdır. Mənimsənilən mallardan 11 400 manatı isə “Lays” brendli çipsilər olub.

Zərərçəkən şirkətin nümayəndəsi bildirib ki, dəymiş zərərdən 24 000 manat hissəsi E. İbrahimov tərəfindən ödənilib. Həmin şəxsin əlində qalan 79 467,44 manatlıq ödənilməmiş məbləğ dövlət rüsumu ilə birlikdə nəzərə alınaraq M. Hüseynovdan tutulub MMC-yə ödənilməsi üçün qərar çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Hüseynova 6 il müddətinə həbs cəzası verilib. O, məhkəmə zalında qandallanıb. E. İbrahimova isə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası alıb, ancaq zərərin ödənilməsi və digər amillər nəzərə alınaraq onun cəzası 3 il sınaq müddəti ilə şərti hesab edilib. Hökmdə həmçinin mülki iddia üzrə 80 000-ə yaxın vəsaitin M. Hüseynovdan tutulmasına qərar verilib.