“28 May” metrosunda aparılan təmir işləri nəticəsində sərnişinlərin eyni marşrut üçün bir neçə avtobusdan istifadə etməsi nəqliyyat xərclərini artırıb. Bu vəziyyət, həmçinin ümumilikdə vaxt məhdudiyyətli bilet sisteminin tətbiqinin zəruriliyini gündəmə gətirib.

İqtisadçı Natiq Cəfərli bildirib ki, ümumiyyətlə zamana bağlı bilet sisteminə keçmək lazımdır. Onun sözlərinə görə, bir dəfəlik gedişhaqqı prinsipi əvəzinə vaxt əsaslı tariflər — 1 saatlıq, 1 günlük, 3 günlük, 1 həftəlik, 1 aylıq və illik biletlər — tətbiq olunmalıdır.

Cəfərli vəziyyətin praktik təsirinə misal gətirərək deyib ki, vətəndaş metrodan istifadə edərkən 1 saatlıq bilet alır, metrodan düşüb avtobusa minir və əlavə bilet ödəmədən yoluna davam edə bilir. Beləliklə, bir saat ərzində nə qədər nəqliyyat növü dəyişilsə də, ödəniş cəmi bir dəfə həyata keçirilir.

O qeyd edib ki, ayrı-ayrı güzəştlər tətbiq etmək əvəzinə məsələni birdəfəlik həll etmək vacibdir və sistem tətbiq olunanda tələbələr, şagirdlər və təqaüdçülər üçün güzəştli qiymətlər müəyyənləşdirilməlidir.

İqtisadçı həmçinin vurğulayıb: “Biz özümüzdən velosiped icad etməkdənsə, normal ölkələrin praktikasını götürüb tətbiq etməliyik.”