Bakıda və Abşeron yarımadasında həftəsonuna qədər hava əsasən yağmursuz şəraitdə keçəcək.

Avqustun 20-si gündüzdən 21-i gündüzədək bölgədə şimal-qərb istiqamətli küləyin güclənəcəyi proqnozlaşdırılır. Bu dövrdə paytaxtın havanın temperaturu 29-33 dərəcə arasında gözlənilir.

Həftəsonuna yaxın, avqustun 22-23-də bölgədə mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək və maksimal temperatur 30-35 dərəcə arasında olacaq.

Ölkənin rayonlarında avqustun 20-si gündüzdən başlayaraq, əsasən şimal və qərb rayonlarında havanın qeyri-sabit, fasilələrlə yağışlı keçəcəyi, 21-i gündüzədək bu şəraitin davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağışların qısa müddətli leysan şəklində intensivləşə, həmçinin şimşək çaxması və dolu düşmə ehtimalı var.

Avqustun 22-23-də rayonların çoxunda əsasən yağmursuz hava müşahidə olunacaq. Aran rayonlarında havanın maksimal temperaturu 33-38, dağlıq ərazilərdə isə 20-25 dərəcə isti proqnozlaşdırılır.

Məlumatda bildirilir ki, avqustun 19-na qədər ay ərzində temperatur 17 gün normal göstəricidən yüksək (0.4-5.2°C), bir gün isə normadan 0.3°C aşağı olub. Ayın 9-da temperatur normaldan 5.2°C yüksək qeydə alınmış və həmin gün maksimal hava temperaturu 38.6°C olub.