Bakıda velosiped və skuterlərdən istifadə rekord səviyyəyə yüksəlib. Sentyabr ayında şəhər üzrə 264 050 nəfər bu vasitələrlə hərəkət edib və ümumi məsafə 2 647 688 kilometr təşkil edib. BAKU.WS-in məlumatına görə, 2025-ci ilin sentyabrı ilə müqayisədə istifadəçi sayı 19 faiz artıb, qət edilən məsafə isə 98 faizdən çox artıb. Bu göstərici indiyədək qeydə alınan ən yüksək rəqəmdir.

Artan tələbatla paytaxtda mikromobil yol infrastrukturu da genişləndirilir. Hələlik velosiped və skuterlər üçün zolaqların ümumi uzunluğu 67,8 kilometrdir və Dövlət Proqramına əsasən 2030-cu ilədək bu göstəricinin 100 kilometrə çatdırılması nəzərdə tutulur.

AYNA-nın paylaşıdığı xəritədə mövcud zolaqlar yaşıl xəttlə, gələcəkdə şəbəkəyə qoşulması mümkün olan yol hissələri isə narıncı xətlərlə göstərilib. Yeni mikromobil zolaqlarının nəzərdə tutulan küçə və prospektlər arasında Təbriz, İ. Həsənoğlu, H. Rəsulbəyov, S. Əsgərova, A. Abbasov, H. Məcidov, F. Bayramov, B. Vahabzadə, A. Cəmil və S. Vurğun küçələri, eləcə də Mətbuat və Vaqif prospektləri var. Qeyd edək ki, bu adlar bütün uzunluq üzrə zolaq salınacağı mənasına gəlmir; xəritədə yalnız konkret segmentlər işarələnib.

Mikromobilin şəhər nəqliyyatındakı payı yüksəlməkdə davam edir. 2026-cı ilin ilk 9 ayında Bakının mərkəzində başlayan və bitən səfərlərin 19,7 faizi velosiped və skuterlərin payına düşüb. Bu, keçən ilin eyni dövründən 7,7 faiz çoxdur.

Mikromobillik şəbəkəsinin genişləndirilməsinin əsas məqsədi mövcud velosiped yollarını birləşdirərək kəsintisiz marşrutlar yaratmaq, istifadəçilərin təhlükəsiz və rahat hərəkətini təmin etməkdir.