Rəqəmsal transformasiya maliyyə xidmətlərinin də fərdiləşməsinə səbəb olub. Banklar məhsul və xidmətləri bütün müştərilərə eyni şəkildə təqdim etmirlər — kredit şərtləri, kart limitləri və mobil tətbiq təklifləri fərdi ehtiyaclara uyğun hazırlanır.
Bu fərqləndirmənin əsas səbəbi müştəri barədə toplanan informasiyadır. İnsanların gəliri, maliyyə davranışı, iş yeri və digər göstəricilər banklara uyğun ödəniş qrafiki, limit və kampaniyalar təklif etməyə imkan verir. Beləliklə, eyni məbləğdə kreditin iki şəxs üçün fərqli şərtlər altında təqdim olunması mümkündür.
Bankların istifadə etdiyi məlumatların böyük hissəsi müştəri tərəfindən təmin edilir. Hesab açarkən, kart sifarişində, kredit müraciətində və yaxud mobil tətbiqdə qeydiyyat zamanı şəxsiyyət vəsiqəsi məlumatları, FİN kodu, əlaqə nömrəsi, ünvan, iş yeri və gəlir barədə məlumatlar rəsmi və könüllü şəkildə verilir.
Bundan əlavə, qanunvericiliyə uyğun olaraq bəzi məlumatlar dövlət qurumlarından əldə edilə bilər. Məsələn, əmək haqqı, iş stajı və kredit tarixçəsi kimi göstəricilər müştərinin maliyyə riskinin qiymətləndirilməsində istifadə olunur. Bu məlumatlar bankların risk idarəetməsi və məhsul qərarlarında rol oynayır.
Məlumatların toplanmasının əsas məqsədləri təhlükəsizlik və xidmətlərin fərdiləşdirilməsidir. Şəxsiyyət təsdiqlənmədikcə hesab açıla bilməz, gəlir məlum deyilənsə kredit təklifi vermək mümkün deyil, əlaqə nömrəsi yoxdursa əməliyyat bildirişləri göndərilə bilməz. Həmçinin qanunvericilik banklara müştərini tanımaq və maliyyə risklərini qiymətləndirmək öhdəliyi qoyur ki, bu da fırıldaqçılığın qarşısını almağa və sistemin stabilliyini qorumağa xidmət edir.
Bankların məlumatları toplaması üçün hüquqi baza mövcuddur. Fərdi məlumatların idarə olunması və bank fəaliyyəti ilə bağlı qanunlar çərçivəsində bu məlumatların toplanması və emalı həyata keçirilir. Toplanan məlumatlar yalnız nəzərdə tutulan məqsədlər üçün istifadə olunur, üçüncü şəxslərə qanunsuz şəkildə ötürülmə imkanı yoxdur və xüsusi təhlükəsizlik tədbirləri tətbiq edilir.
Vətəndaşlar şəxsi məlumatlarının emalına razılıq verməkdən imtina edə bilərlər. Bunun üçün işlədikləri bankla əlaqə saxlamaq və ya müvafiq dövlət elektron xidmətləri vasitəsilə məlumatların sorğulanmasını məhdudlaşdırmaq mümkündür. Lakin belə məhdudlaşdırmalar bank xidmətlərinin bəzi imkanlarından imtina etməyə gətirib çıxara bilər, məsələn, fərdiləşdirilmiş kredit təkliflərindən xəbərsiz qalmaq riski yaranır.
Müştəri məlumatlarının qorunması həm milli, həm beynəlxalq normalara, həmçinin mərkəzi bank tələblərinə uyğun şəkildə həyata keçirilir. Qanunvericilik çərçivəsində banklarla vətəndaşlar arasında məlumat mübadiləsi müştəriyə daha sürətli onlayn xidmətlər və fərdi şərtlərlə məhsullar əldə etməyə, banklara isə daha uyğun xidmətlər göstərməyə imkan verir. Əsas məsələ vətəndaşların öz hüquqlarını bilməsi və məlumatların hansı məqsədlə istifadə olunacağını başa düşməsidir.