Kredit öhdəliyini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bəzən borcun dərhal məhkəmə yolu ilə tələb olunacağını düşünür. Lakin təcrübədə aylarla gecikmə olsa belə, bankların hər halda məhkəməyə müraciət etmədiyi hallar olur.
Bank ekspertinin bildirdiyinə görə, bu məsələyə həm qanunvericilik, həm də bankların daxili prosedurları təsir göstərir. Problemli kreditlərin idarə edilməsi müəyyən qaydalar çərçivəsində aparılır və bəzi hallarda bank müştəriyə güzəşt təklif edə, kreditin restrukturizasiyasına və əlavə vaxt verilməsinə üstünlük verə bilər.
Məqsəd müştərini itirməmək və məhkəməyə getmədən problemi aradan qaldırmaqdır. Məhkəməyə çıxarılan kreditlərdə faizlərin dondurulması və əlavə cərimələrin silinməsi kimi proseslər bankın gəlirlərinin azalmasına səbəb ola bilər. Eyni zamanda məhkəmə və apellyasiya mərhələlərinin uzanması bankın həmin vəsaitdən gəlir əldə etməməsinə gətirib çıxara bilər.
Məhkəməyə qədər aparılan araşdırmalarda müştərinin vəziyyəti diqqətlə nəzərdən keçirilir. Banklar işsizlik, maaşın azalması, biznesin çöküşü və ya digər daxili və qlobal çətinliklər kimi səbəbləri qiymətləndirir və problemlərin kökünü aradan qaldırmaq üçün vaxt və imkanlar yarada bilərlər. Bu şanslar dəyərləndirilmədikdə məhkəməyə müraciət edilir.
Məhkəmə prosesinə keçid də xərclərlə bağlıdır: məhkəmə rüsumları və ekspertiza xərcləri məhkəmənin əlavə yükü sayılır. Buna görə banklar mümkün olduqda müştəri ilə qarşılıqlı razılıq yolu ilə problemi məhkəmə öncəsi həll etməyə çalışırlar ki, toksik aktivlərin yaranmasının qarşısı alınsın.
Ekspert qeyd edir ki, banklar verdikləri kreditləri müxtəlif mənbələrdən cəlb edilmiş vəsait hesabına maliyyələşdirirlər və bu vəsaitlərin qaytarılması üzrə öz öhdəlikləri mövcuddur. Müştəri krediti vaxtında qaytarmadığı halda bankın öz öhdəliklərini icra etməkdə çətinlik yarana bilər və əlavə vəsait cəlbi zərurəti meydana çıxır.
Bu səbəbdən kreditlərin məhkəməyə göndərilməməsi ilə bağlı yanaşma həm bankın daxili strategiyası, həm də aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması qaydaları ilə müəyyən olunur. Nəticədə, əksər hallarda məqsəd əlavə xərclər və ehtiyatlar olmadan krediti mümkün qədər qaytarmaqdır; problem həll edilmədiyi təqdirdə isə məhz məhkəmə qərarı əsasında növbəti addımlar atılır.