Baş Prokurorluqda ölkənin konstitusiya quruluşuna zorla dəyişiklik etmək, ərazi bütövlüyünü parçalamaq, milli nifrət yaratmaq və terrora çağırış faktları ilə bağlı ibtidai istintaq davam edir.

İstintaq zamanı müəyyən edilib ki, Rusiya vətəndaşları — jurnalist Knyazev İvan Andreyeviç, media eksperti kimi təqdim olunan Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti Çadayev Aleksey Aleksandroviç 14 iyul 2026-cı il tarixdə yayımlanan verilişdə Azərbaycan qarşı zorakı üsulların tətbiqinə, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn çağırışlar səsləndiriblər.

Həmçinin 13 avqust 2026-cı il tarixli efirdə həmin şəxslərin ayrı-ayrı şəxslərin fiziki olaraq məhv edilməsinə dair fikirlər söyləyərək terrorçuluğa açıq çağırışlar etdiklərinə əsaslı şübhələr müəyyən edilib.

Bu faktlar üzrə Baş Prokurorun təsdiqi ilə Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə açıq çağırışlar) və 283.2.1 (milli nifrət və düşmənçilik yaratmaq) maddələri ilə cinayət işi başlanıb və ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Toplanmış materiallara əsasən Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev təqsirləndirilən şəxs statusu alıblar. Onların ölkə xaricində olmaları səbəbindən axtarış elan edilərək məhkəmə qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Həmin şəxslərin digər dövlətlərin ərazisində aşkar edilərək saxlanılması və Azərbaycana təhvil verilməsi üçün müvafiq dövlət orqanlarına müraciətlər göndərilib və İnterpol vasitəsilə beynəlxalq axtarışın təşkil olunması üzrə zəruri addımlar atılıb.

Baş Prokurorluq bildirir ki, suverenliyə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı qanunsuz hərəkətlərlə bağlı hüquqi tədbirlər qanunvericiliyə və tərəfdar çıxılan beynəlxalq müqavilələrə uyğun olaraq davam etdiriləcək.