Müasir geosiyasi şəraitdə informasiya sahəsi yalnız xəbər mübadiləsi üçün platforma olmayıb, həm də suverenliyə qarşı yönələn təxribatların aparıldığı arena kimi qiymətləndirilir. Son dövrlərdə bəzi rusiyalı şəxslərin mediada səsləndirdiyi fikirlər yalnız siyasi tənqid çərçivəsində qalmayıb, beynəlxalq hüquq normalarını və qırmızı xətləri pozmaqla terror çağırışlarına çevrilib.

Baş Prokurorluğun apardığı istintaqdan məlum olur ki, bu şəxslər sistemi təşkil edərək tarixi reallıqları qəsdən təhrif edib və Azərbaycanın dövlət strukturlarına qarşı zorakı və bölücü çağırışlar səsləndiriblər. Təxribatçı çıxışlar dövlətin suverenliyinə, ərazi bütövlüyünə və vətəndaşların təhlükəsizliyinə birbaşa təhlükə yaradıb.

Beynəlxalq axtarışa verilən şəxslər arasında "Moskva 24" telekanalının aparıcısı İvan Knyazev, siyasi məsləhətçi və media eksperti Semyon Uralov, habelə televiziya jurnalisti və Rusiya nəqliyyat nazirinin keçmiş müşaviri Aleksey Çadayev göstərilir. Semyon Uralov "SONAR-2050" analitik layihəsinin rəhbərlərindən biri və "Çistota ponimaniya" proqramının simalarından sayılır. İvan Knyazev həmin layihədə moderator funksiyasını yerinə yetirib, Aleksey Çadayev isə hərbi texnologiyalar, pilotsuz uçuş aparatları və informasiya müharibəsi mövzularında çıxış edib.

İstintaq materiallarına görə, cari ilin iyul və avqust aylarında YouTube-da yayımlanan verilişlərdə bu şəxslərin səsləndirdiyi tezislər siyasi müzakirə sərhədlərini aşaraq cinayət xarakterli çağırışlara çevrilib. Onlar Azərbaycan dövlətinin suverenliyinə qarşı zorakılıq tətbiq etməyi, hakimiyyəti zorla dəyişdirməyi, ölkəni vətəndaş müharibəsinə sürükləməyi və ərazilərin parçalanmasını təbliğ ediblər. Həmçinin Xəzər donanmasının gücləndirilməsi, Dağıstan istiqamətində hərbi imkanların artırılması və "Bakıya desant əməliyyatı" kimi hərbi ssenarilər müzakirə edilib.

Aleksey Çadayevin bəyanatları arasında razılaşmalara əməl etməyənləri "aradan götürmək" tipli ifadələr olduğu göstərilir ki, bu cür fikirlər açıq terror çağırışı kimi qiymətləndirilir. Semyon Uralovun sovet imperiyası xülyalarına işarə edən bəyanatları isə müasir dövlətçilik və beynəlxalq hüquq prinsiplərindən uzaq hesab olunur.

Bu hərəkətlərə qarşı Azərbaycan dövləti hüquqi addımlar atıb. Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə açıq çağırışlar) və 283.2.1 (milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanıb. Zəruri sübutlar toplanandan sonra Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Həmin şəxslərin ölkə hüdudlarından kənarda olmaları nəzərə alınaraq onlara məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib və İnterpol vasitəsilə beynəlxalq axtarış elan edilib. Paralel olaraq onların digər dövlətlərin ərazilərində müəyyən edilərək tutulması və Azərbaycana ekstradisiya olunması üçün diplomatik və hüquqi prosedurlar həyata keçirilir.

Aleksey Çadayev artıq tutduğu vəzifədən istefa verdiyini teleqram kanalında açıqlayıb. Bu addım rəsmi Bakının hüquqi reaksiyalarının və tətbiq olunan beynəlxalq təzyiqlərin nəticəsi kimi qiymətləndirilir. Rusiya tərəfi də məsələyə münasibət bildirərək müvafiq orqanların qiymətləndirmə apardığını qeyd edib.

Hüquqi proseslər davam edir və adı çəkilən şəxslərin hərəkətlərinin hüquqi qiymətləndirilməsi davamlı olaraq aparılacaq. Azərbaycanın hüquqi və diplomatik tədbirləri suverenliyə, ərazi bütövlüyünə və vətəndaşların təhlükəsizliyinə yönəlmiş çağırışlara qarşı reaksiya kimi tətbiq olunur.