Azərbaycan Respublikasının Baş Prokurorluğu Rusiya vətəndaşları İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayev barəsində cinayət işinin başladığını açıqlayıb. Onlar ölkəyə qarşı zorakılıq çağırışları, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına yönələn hərəkətlərdə ittiham olunurlar.
Araşdırma zamanı həmin şəxslərin terrorçuluğa açıq çağırışlar etdiklərinə dair əsaslı şübhələr müəyyənləşdirilib. Prokurorluq qeyd edir ki, ittihamlar arasında ayrı-ayrı şəxslərin fiziki məhvinə yönələn ünvanlı çağırışlar da yer alıb. Faktla bağlı cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə başlanaraq ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Toplanmış sübutlara əsasən üç nəfər təqsirləndirilən şəxs kimi cəlb edilib və onlar Azərbaycan ərazisindən kənarda olduğuna görə axtarışa verilib. Məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluq aidiyyəti qurumlara həmin şəxslərin digər dövlətlərin ərazisində müəyyən edilərək tutulub təhvil verilməsi üçün müraciətlər göndərib və onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili üzrə addımlar atılıb.
Hadisə ilə bağlı Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq son dövrlər Rusiya mediasında Azərbaycan və onun rəhbərliyi əleyhinə səslənən təxribat və təhdid xarakterli açıqlamalarla bağlı etiraz bildirilib.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bu qərarı siyasi-hüquqi baxımdan ciddi hadisə kimi qiymətləndirib. O bildirib ki, istintaq yalnız sərt fikirlərdən deyil, zorakılığa çağırışlar və terror çağırışlarına görə əsaslı şübhələrə əsaslanır və bu tip çağırışların harada səslənməsindən asılı olmayaraq məsuliyyəti olmalıdır.
Çingiz Qənizadə həmçinin vurğulayıb ki, Rusiya həmin şəxsləri ekstradisiya etməli və ya öz qanunlarına uyğun olaraq hüquqi tədbirlər görməlidir. O bildirib ki, iki ölkə arasında cinayət işləri üzrə əməkdaşlıq mexanizmləri mövcuddur və son illərdə ekstradisiya praktikasının işləyişi də bunu göstərir.
Komitə sədrinin fikrincə, əgər Moskva təqdim olunmuş istintaq materiallarını araşdırıb müvafiq hüquqi qiymət verərsə, bunu konstruktiv addım hesab etmək olar. Əks halda isə məsələ yalnız üç şəxsin hərəkəti səviyyəsində qalmayıb dövlətlərarası münasibətlərə təsir göstərə bilər və daha geniş siyasi nəticələrə gətirib çıxara bilər.
O, həmçinin qeyd edib ki, Bakı məsələnin yalnız ikitərəfli dialoq çərçivəsində həllinə baxmır və İnterpol vasitəsilə beynəlxalq axtarışın təşkili bunun əlamətidir. Əgər Rusiya nə ekstradisiya, nə də daxili araşdırma apararsa, bu, münasibətlərdə əlavə narahatlıqlar yaradacaq və vəziyyətin yalnız diplomatik nota ilə bitməyəcəyi vurğulanıb.