Bloger Pərvin Səfiyarovanın həyat yoldaşı Emin Səfiyarov qəfil vəfat edib. Hadisənin detalları barədə yayılan məlumatda ailə yaxınları və tanışları bu itkini təsdiqləyib.

Pərvin şəxsi hesabında həyat yoldaşının ölümündən sonra yaşadığı sarsıntını ifadə edən paylaşım yerləşdirib. O, paylaşımında sevdiyi şəxsi xatırlayıb və onunla bağlı hisslərini belə ifadə edib:

"Mənim quru nəfəsim sənə qurban, Emin! Canlı ölü olsam da, balalarımız üçün ayaqda durmalıyam! Sənin qədər güclü ola bilməsəm də, var gücümlə onları böyütməliyəm! Sən mənim evimin işığı, dirəyidin! Qaranlıqda qalmışam. Hər yerdə nəfəsin var, gəlməyən nəfəsinə yarımçıq canım qurban! Artıq ölümdən qorxmuram! Rahat yat Eminim, qoyub getdiyin hər bir şeyi gözüm kimi qoruyacağam. Dua etməkdən başqa əlimdən bir şey gəlmir... Sən mənim ürəyimsən!"

Emin Səfiyarov aparıcı Turan İbrahimovun bacanağı olub. Onun anası Almaz Həşimova isə 1984-cü ildən Füzuli şəhərində fəaliyyət göstərən M. Xəzani adına musiqi təmayüllü orta internat məktəbinə rəhbərlik edir.

Pərvin Səfiyarovanın bacısı, keçmiş vizajist Nərmin İbrahimova bildirib ki, Emin bir müddət əvvəl ağır yol-nəqliyyat hadisəsi keçirib və qəza onun səhhətinə ciddi təsir göstərib. Nərminin sözlərinə görə, Emin Pərvinin doğum günü günü ürək dayanması nəticəsində həyatını itirib.

Ailə və yaxınları yas mərasimləri ilə bağlı əlavə açıqlama verməyiblər.