Belarusun xarici işlər nazirinin müavini İqor Sekreta Avropada yeni böyük müharibə təhlükəsinin ciddi narahatlıq doğurduğunu bildirib.
O, açıqlamasında Avropada böhran əhval-ruhiyyəsinin artdığını və bunun əvvəlcə sadəcə sözlər kimi görünsə də, indi reallığa çevrilə biləcək təhlükəni yaratdığını vurğulayıb.
Sekreta qeyd edib: "Bu, məndə və bir çox həmkarlarımda çox böyük narahatlıq doğuran məsələdir. Əvvəllər düşünürdüm ki, bunlar sadəcə sözdür. Amma bu gün bunun acı reallığa çevrilməsi ilə bağlı real təhlükə görürəm. Yeni müharibə sərhədlər barədə soruşmayacaq. Belarus Avropanın tam mərkəzində yerləşir. Birinci Dünya müharibəsindən sonra Avropa qüdrətli idi, İkinci Dünya müharibəsindən sonra isə hər halda sağ qaldı. Üçüncü dünya müharibəsindən sonra isə heç nə qalmayacaq. Bütün Avropa müharibə nəticəsində dağıdılacaq".
Nazir müavini cəmiyyətdə müharibə ilə bağlı məsuliyyət anlayışının getdikcə azalması barədə narahatlığını da ifadə edib. Onun sözlərinə görə, bəziləri vəziyyəti virtual oyun kimi qəbul edir: düyməni bassan, oyun dayanacaq.
"Bu, sürreal cizgilərə malikdir. Amma reallıqda söhbət sənin ailəndən, sənin evindən gedir. Dövlətin və onun siyasətçilərinin həqiqi gücü müdrikliyə və müharibənin qarşısını almaq bacarığına malik olmaqdan ibarətdir", - deyə o əlavə edib.